![]()
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı son Sərəncama əsasən, Muxtar Respublikada əsaslı təmir olunacaq avtomobil yollarının siyahısı məlum olub.
Sərəncamın əlavəsinə əsasən, dövlət büdcəsindən ayrılan 70 milyon manat vəsait hesabına 156 min 271 nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan yol infrastrukturu yenidən qurulacaq.
Əsaslı təmir olunacaq yolların və əhatə etdiyi ərazilərin siyahısı aşağıdakı kimidir:
Ordubad rayonu üzrə: 7 yaşayış məntəqəsini birləşdirən 40 km-lik Biləv-Bist-Ələhi-Xurs-Nürgüt-Tivi-Nəsirvaz avtomobil yolu, həmçinin Ordubad şəhəri ərazisindəki 60 km-lik və Dəstə kəndindəki 33 km-lik yollar;
Culfa rayonu üzrə: 4 yaşayış məntəqəsini əhatə edən 30 km-lik Kırna-Dizə-Gal-Şurud yolu, Culfa şəhərindəki 24 km-lik yollar, habelə Əbrəqunus və Bənəniyar kəndlərindəki 41 km-lik daxili yollar;
Naxçıvan şəhəri üzrə: Naxçıvan şəhəri ərazisindəki küçə və məhəllələri, Əliabad qəsəbəsi və Qaraxanbəyli kəndini əhatə edən ümumilikdə 50 km-lik avtomobil yolları;
Babək rayonu üzrə: Babək şəhəri ərazisindəki 33 km-lik, habelə Qahab, Naxışnərgiz, Şəkərabad, Çeşməbasar və Güznüt kəndlərindəki 59 km-lik yollar;
Şahbuz rayonu üzrə: Şahbuz şəhəri ərazisindəki 31 km-lik və Nursu kəndindəki 6 km-lik yollar;
Şərur rayonu üzrə: Qarxun kəndi ərazisindəki 13 km-lik avtomobil yolu.